Lənkəranda “Çinarənin elçiləri”

Əziz teatrsevərlər!
Gündəlik qayğılar, iş yorğunluğu və bir-birini təkrarlayan monoton günlər insanı həm fiziki, həm də mənəvi cəhətdən yorur. Belə vaxtlarda xoş istirahətə, müsbət emosiyalara və canlı sənətlə ünsiyyətə ehtiyac daha da artır.
Lənkəran şəhərində fəaliyyət göstərən doğma teatrımız bu baxımdan mühüm mədəniyyət və istirahət məkanıdır. Lənkəran Dövlət Dram Teatrı tamaşaçılara gündəlik qayğılardan uzaqlaşmaq, canlı səhnənin ab-havasını hiss etmək və mənalı istirahət etmək imkanı yaradır.
Yaxın günlərdə teatrsevərlər komediya janrında hazırlanmış “Çinarənin elçiləri” tamaşasını izləyə biləcəklər. Tamaşa ailəvi baxış üçün nəzərdə tutulub və həm yumoru, həm də səhnə hadisələri ilə tamaşaçılara xoş ovqat bəxş etməyi qarşısına məqsəd qoyur.
Ailə üzvləri ilə birlikdə teatra getmək yalnız istirahət deyil, eyni zamanda birgə vaxt keçirmək, tamaşadan sonra fikir mübadiləsi aparmaq və mədəni mühitdən zövq almaq üçün gözəl fürsətdir.
“Çinarənin elçiləri” tamaşasının quruluşçu rejissoru Laləzar Hüseynovadır. Laləzar Hüseynova Dağıstan Respublikasının Əməkdar artisti və Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisidir.
Canlı teatrın özünəməxsus cazibəsi var. Səhnədə aktyorla tamaşaçı arasında yaranan emosional bağlılığı televiziya və telefon ekranı tam şəkildə əvəz edə bilmir.